top of page

Sözlər... Dodaqdan çıxar çıxmaz qəlblərin ritmini dəyişdirir. Sanki cadu kimi səni bağlayır yerində, nəyə dəydiyini bilmirsənmiş kimi gözlərini marıtlayıb baxırsan. Deyəcək sözlərin çoxdu amma hamısı ürəkdən vulkan tək püskürür içində amma hulqumunda ilişib qalır. Nə geri gedə bilir nə ağızdan çıxa bilir. Qəhər olub boğazında qalır sanki. Sən udqunub onları içində saxlamaq istəyirsən amma bu daha da səni titrədir bir zəlzələ tək. Sən bunu etməməlisən! Yol verməməlisən hisslərinin səni idarə edib içindəki vulkanın püskürməsinə. Bilirsən. Bilirsən ki, içindəki vulkan tək səni yox ətrafini külə çevirəcək. Udqunursan haqqsızlığa... "Səbr- boyun əymək deyil mübarizədir" deyib içində boyun əyirsən ədalətsizliyə növbəti... Sözlərin soyuqluğu sənin isti hisslərinə baxmayaraq kəskin buz nizəsi kimi sancılır bədənin hər yerinə. Tüklərin biz-biz... 
Gözlər... Bir oğurluq edərkən tutulan əlində dondurması ərimiş uşağın utandığı tək aşağı, saf, etdiyi oğurluğunun böyüklüyündən xəbərsiz. Sözlərin verdiyi əzabları gözlərdəki saflıq, məsumluq yatırır. Bir uşağın bilmədən etdiyi dəcəlliyə görə necə qəddar olmaq olar axı? Gözlərin bir anlıq kəsişməsindən gələn yumşaq istilik, soyuq xəncərlərin vurduğu yaraların üstünə məlhəm kimi gəlir sanki. Ümid verir... Ürəyin ritmini sakitləşdirir amma daraldır onu. Hisslər bir-birinə qarışır şəkərlə acı çay kimi. Ümidin verdiyi burulğan onları daha tez qarışmağa sövq edir.
Əllər... Bəmbəyaz yumşaq əllər. Yalnız əllər bir-birilərindən uzaqda həsrətdən bilmirlər nə etsinlər. Tutunmağa isinməyə... Yalnızlığa hökm oxunmuş əllər. Laqeydliyin ədalətsizliyin durğunluğu ilə cildlənmiş əllər. Ümidin verdiyi, fikirlərin qarışıqlığından bir an qaçıb qurtulmaq istəyi ilə isinən amma tərpənməyən zərif əllər və bunu görüb kənarda qalmış sıxılmış, səbr edən yumruqlar. 
Sözlər məntiqin buyurduğu yalançı amma ölümcül nizə, gözlər ürəyin göstərdiyi şəffaf amma toxunulmaz ümid, Əllər isə tutunulmağı istəyən bir yalqız. 

bottom of page