top of page

ZİRVƏ

Hans Zimmer - Day One Dark
00:00

   Sakitlik... Səslər mən olduğum yerə gələ bilmir... Oturub boşluğa baxıram. Mənasız boşluğa aşağıdakıları xatırlayıb baxaraq məna verməyə çalışıram. Qartal uçur ətrafımda. Qanadları ilə sanki hipnoz edir. Mənə "Səndə bacararsan" deyir. Leş qarğaları mən olduğum yerdə yoxdu. Hər tərəf ağ bulud və mən onlara da üstdən baxıram. Səssizlik, sanki qulağımdan səssləri çınlama kimi çıxardır. Deyilən yalanları, boş vədləri axıdıram qulağımdan. Təmizlənirəm. Qartala baxıb edilən haqqsızlıqları belimdən atıram. Qanadlarımı çıxardıram. Gördüyüm xəyanətləri ağ buludlara baxaraq al qırmızı gözlərimdən qan yaşlar axıdaraq silirəm gözlərimdən.  Çıxdığım qayalıqların vurduğu çapıqları sağaldıram əllərimdə, ayaqlarımda.

   Günəş çıxır horizontdan. Artıq hazıram. Günəşə doğru uçub tər təmiz bir qartal kimi yanmağa hazıram. Qanadlarım güclənib heç olmadığı kimi. Gözlərim itidir heç vaxt görmədiyim kimi. Qulaqlarıma səslər gəlmir daha ruhumu kirlədəcək, məni yolumdan döndürəcək. 

   Zirvədəyəm... Təkəm...  Bütün pislikləri bu zirvədə qoyub özümü havanın boşluğuna buraxıram. Havada qanadlarımı bir anda açıb süzülürəm buludların üstündən. O buludlar altında yanan qır qazanından çıxan buxardı. Təmizlənmişlərin ruhlarının üzərindən süzərək təmizlənmiş gözümlə baxdığım Günəşə doğru uçuram. Qanadlarımın altı çapıq-çapıq olsada altından keçən külək ağrılarını sanki yuyub geridə qoyur. Günəşə yaxınlaşıram, getdikcə isinir bədənim. Amma vecimə belə deyil. Yaxınlaşdıqca yanıram... Qanadlarım od tutur, alovlanır, amma yenə də can atıram ona doğru. Gözlərimdən yaş gəlir, amma isti onları da buxarlandırır, kor edir məni. Artıq heçnə görmürəm. Huşumu itirirəm bir anlıq. 

    Özümə gəldim. Görürəm. Tam qaranlıq boşluqdayam. Səslər gəlir qulağıma. Hayqırtılar, iniltilər eşidirəm. Yox! İstəmirəm eşidim. Qulaqlarımı bağlamaq istəyirəm, gözlərimi bağlamaq istəyirəm qanadlarımla. Amma hiss etmirəm onları. Yenə səs küy...

                                                                                                                   EPSOdS

bottom of page